8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibəti ilə 04.11.2026-cı il tarixdə “Deluxe” sarayında şəhid ailələri, müharibə iştirakçıları və rayon gəncləri ilə görüş keçirilib.
Xebercimedia.az xəbər verir ki, Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə RİH başçısı Rövşən Bağırov şəhid ailələri, müharibə iştirakçıları qarşısında çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər gününü təntənə ilə qeyd edir.
Tədbirdə iştirak edən şəhid ailələri və müharibə iştirakçıları çıxış edərək dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



















