Ağsu rayonunda 8 Noyabr - Zəfər günü silsilə tədbirlərlə qeyd olunur
Gündəm / Bölgə
21:11
8.11.2025
135
Ağsu rayonunda 8 Noyabr - Zəfər günü silsilə tədbirlərlə qeyd olunur. Belə ki, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar rayon Mədəniyyət evində yığıncaq keçirilib, sonra konsert təşkil olunub. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Rəsmi yığıncaqda RİH başçısı Rövşən Bağırov çıxış edərək Zəfər Gününün beşinci ildönümü münasibətilə rayon ictimaiyyətini təbrik edib. RİH başçısı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb, bu sənədin Azərbaycanın möhtəşəm Zəfər səlnaməsini özündə əks etdirən tarixi sənəd olduğu bildirib. Qeyd edib ki, artıq beş ildir ki, Azərbaycan xalqı mədəniyyət, milli irs və qürur mənbəyimiz olan tarixi şəhərimiz – Şuşanın işğaldan azad edildiyi günü – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Qələbə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti və parlaq diplomatik bacarığının, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti, müqəddəs şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
Digər çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıblar.
Sonra Ağsu rayon Mədəniyyət Mərkəzinin yerli musiqiçilərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanmış rəngarəng konsert proqramı nümayiş etdirilib.














