Ağsu rayonunda 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar tədbirlər keçirilib
Gündəm / Bölgə
23:23
12.12.2025
88

12 dekabr 2025-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar Heydər Parkında Ulu Öndərin abidəsi rayon ictimaiyyəti tərəfindən ziyarət edilmiş və “Tural Plaza” sarayında ehsan süfrəsi açılmışdır.
Xebercimedia.az xəbər verir ki, Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.
“Tural Plaza” sarayında təşkil olunmuş ehsan süfrəsində əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. RİH başçısı qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. Bildirib ki, müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağsu rayon ictimaiyyəti tərəfindən gün ərzində Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsinə ziyarət davam etdirilmiş, abidə önünə gül-çiçək dəstələri qoyulmuş və Ulu Öndərin xatirəsi ehtiramla yad edilmişdir.









