“Ağsuda Zəfər Gününə Həsr Olunmuş Tədbir Keçirildi: Tarixi Qələbə Vətənpərvərlik Ruhunda Yadda Qaldı”
Bölgə
10:006.11.202572
05 Noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində “Zəfər Gününə” həsr olunmuş tədbir keçirilib. Xebercimedia.az xəbər verir ki, Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi polkovnik Famil Əliyev, YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Məhəmmədhüseyn Təhmasib iştirak ediblər. Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi polkovnik Famil Əliyev Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolundan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, xalqımız illərlə Ermənistanın işğalçılıq siyasəti və təxribatlarına məruz qalsa da, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Ordumuzun rəşadəti nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi və tarixi ədalət bərpa olundu. YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, Azərbaycan dövlətinin qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin dəmir məntiqinin təntənəsidir. Sədr müavini şəhidlərin ruhu qarşısında ehtiramını ifadə edərək vurğulayıb ki, Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Ağsu rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Məhəmmədhüseyn Təhmasib çıxışında vurğulayıb ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti və əbədi fəxarətidir. O, əlavə edib ki, Zəfər həm böyük hərbi qələbənin, həm də müdrik diplomatiyanın nəticəsidir. Tədbirin sonunda II Qarabağ müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” vəsiqələri təqdim olunub.