Ağsuda Gənclərin Maarifləndirilməsi Yönündə Nümunəvi Addım: “Narkomaniyaya yox deyək!” və “Erkən nikahın acı fəsadları” Mövzusunda Tədbirlər Keçirildi
Gündəm / Bölgə
23:47
8.10.2025
66
Ağsu rayon İcra Hakimiyyəti və Ağsu rayon Polis şöbəsinin təşkilatçılığı ilə 03.10.2025-ci il və 07.10.2025-ci il tarixlərdə Ağsu şəhər ümumtəhsil tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” və “Erkən nikahın acı fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Xebercimedia.az xəbər verir ki, Tədbirlərdə narkotik maddələrin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri, gələcəkdə ailə həyatında, reproduktiv sağlamlıqda yaratdığı fəsadlar barədə müzakirələr aparılmışdır. Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli olduğu, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları, həyatımıza, sağlamlığımıza, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilmişdir.
Həmçinin, çıxışlarda bildirilmişdir ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır.
Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Tədbirə dəvət olunmuş qonaqlar da çıxış edərək, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirilmişdir. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərlə yanaşı valideynlərin də cəlb edilməsinin və bu haqda düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.
Tədbirlərin sonunda mövzular ətrafında suallar cavablandırılmışdır.











