Mehriban Əliyevaya daha bir vəzifə verildi - FƏRMAN

14:34 27.02.2026 22
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Bundan başqa, şuranın aşağıdakı tərkibi təsdiq edilir:

Şuranın sədri

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katiblik funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilir.

Müəyyən edilir ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şura rəqəmsal inkişaf sahəsi üzrə:

1. dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli;

2. dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli;

3. dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Oxşar xəbərlər