Pəncəli Teymurova Milli Qəhrəman adı verildi

16:09 7.11.2025 6
Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Pəncəli Teymurov Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı olub.

O, 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları — Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.

11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.
Oxşar xəbərlər