5 oktyabr Müəllim Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təhsil işçiləri ilə görüşü
Gündəm / Bölgə
09:41
4.10.2025
128

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Sonra tədbir şəhər İcra Hakimiyyətinin Müşavirə zalında davam etdirilib.
Xebercimedia.az xəbər verir ki, Şəhərin təhsil ictimaiyyətinin, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, Turizm Kollecinin rəhbərlərinin, mətbuat işçilərinin, təqaüddə olan müəllimlərin iştirak etdiyi tədbiri açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamladıqdan sonra onlara təbriklərini çatdırıb. Qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs və məsuliyyətli peşələrdən biridir. Cəmiyyətin inkişafında, onun düzgün formalaşmasında və gələcəyimizin uğurlu olmasında müəllim əməyi, müəllim zəhməti əvəzsizdir. Ulu Öndər Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirir, müəllim haqqında xoş sözlər söyləyirdi. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə müəllimə hörmət və ehtiram göstərilmiş, maddi vəziyyətlərinin, rifah halının yaxşılaşdırılması qayğısına qalınmışdı. Ulu öndər deyirdi: “Hər birimizdə müəllim hərarəti, qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirsizliklə öyrətmiş və öyrədir”.
Şəhər rəhbəri bildirib ki, yaxşı təhsil almaq önəmlidir. Uşaqlar, gənclər həyatda özlərinə layiqli yer tutmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Tərəqqinin əsas səbəbi bilikdir, savaddır. Ona görə də gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında məktəbin çox böyük əhəmiyyəti var. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab Prezident təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, təhsil işçilərinin əmək haqlarının artırılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. 2005-2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur.
Ötən müddət ərzində Mingəçevir təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülmüşdür. Dövlət Proqramı çərçivəsində şəhərdə 2351 şagird yerlik 4 ümumtəhsil məktəb binası inşa olunmuş, 12408 şagird yerlik 13 məktəb binası əsaslı təmir edilmişdir. Bu uğurlarımız ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir. Əminəm ki, məktəblərimizdə yaradılacaq şəraitə görə gələcəkdə uğurlarımız bundan da artıq olacaqdır.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, təhsil veteranı Mirzə Cavadov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Əməkdar müəllim Mayıl İsmayılov, təqaüddə olan dövlət qulluqçusu Rizvan Mikayıllı çıxış edərək müəllimləri peşə bayramı münasibəti ilə təbrik edib xoş arzularını çatdırıblar.
Tədbirdə gənc nəslin təlim-tərbiyəsində və təhsilində fərqlənən bir qrup müəllimə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib.

















