Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində imzalanan sənədlər, açılış mərasimləri və qarşılıqlı təltiflər iki ölkə arasında dostluğun və əməkdaşlığın yeni mərhələsini təsdiqlədi. İki ölkə arasında imzalanan zəngin sənədlər zərfi qarşılıqlı fəaliyyətin geniş sferasını nümayiş etdirməklə yanaşı, əldə olunmuş razılaşmaların uğurla həyata keçirilməsinə zəmin yaradır. Böyük məsuliyyət kəsb edən bu müttəfiqlik münasibətləri çərçivəsində tərəflər beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da fəal şəkildə dəstəkləmək əzmindədirlər.
İqtisadi əməkdaşlığın praktiki müstəvidə genişləndirilməsi məqsədilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaiti iki dəfə artırılaraq 200 milyon dollara qədər çatdırılmışdır. Fondun fəaliyyəti üzrə təqdim olunan konkret layihələr Qırğızıstanda birgə istehsalın təşkilinə, yeni iş yerlərinin yaradılmasına və qarşılıqlı iqtisadi potensialın güclənməsinə xidmət edir. İqtisadi tərəfdaşlığın mühüm көрсəticilərindən biri kimi İssık-Kulun sahilində Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilən və regionda ilk beşulduzlu hotel olan “Bakı” kompleksinin açılışı iki ölkə arasında iqtisadi-turizm bağlarının əyani təzahürüdür.
İki xalqı birləşdirən zəngin tarix, mədəniyyət və ortaq köklər humanitar əlaqələrin inkişafında müstəsna rol oynayır. İşğaldan zərər çəkmiş Qarabağın bərpası işinə Qırğız xalqının böyük töhfəsi olan və Ağdam rayonunda inşa edilən “Manas” adını daşıyan məktəb qardaşlığımızın daha bir parlaq rəmzinə çevrilmişdir. Eyni zamanda, Bakıda böyük ədibi Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın, eləcə də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluğu Parkının açılması, Azərbaycanda və Qırğızıstanda qarşılıqlı keçirilən Mədəniyyət Günləri xalqlarımızın bir-birinə daha da yaxınlaşmasını nümayiş etdirir.
Eləcə də regionlararası inteqrasiyanın və strateji tərəfdaşlığın yeni mərhələsi kimi dəyərləndirilən Çolpon-Ata Bəyannaməsi ikitərəfli əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyən edir. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması dövlətlərimiz arasında etimadın və çoxşaxəli əməkdaşlığın təzələnmiş təzahürüdür. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə, Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Bütün bu addımlar göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq strateji müttəfiqlik mərhələsinə qədəm qoyub. İqtisadi, humanitar və regional əməkdaşlıq sahələrində atılan addımlar xalqlarımızı daha da yaxınlaşdırır və gələcək üçün möhkəm təməl yaradır.