Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.
Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır. Belə ki, bəyannamələr - deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.
Bəyannamənin tarixi prizmadan əhəmiyyəti isə budur ki, 100 il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra (1921-ci ildə Anadolu türklüyü üçün ölüm-dirim müharibəsi olan Sakarya Meydan Müharibəsi zəfərindən sonra Rusiyanın nəzarəti altında olan Azərbaycan, Ermənistan və Gürcüstan ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında düz 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalanmışdı) yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni, mahiyyətcə isə daha geniş bir bəyannamə imzalandı və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi. Bu tarixi hadisənin Azərbaycanda Milli Qurtuluş Günündə baş verməsi heç də təsadüfi deyil.