Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmiz son illər ərzində güclü və peşəkar ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir.
Prezident qeyd etmişdir ki, torpaqlarımızın uzun illər işğal altında qalmasına baxmayaraq, Azərbaycan xalqı öz haqq işindən dönməmiş, dövlətimiz isə iqtisadi, siyasi və hərbi gücünü davamlı şəkildə artırmışdır. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi bu sahədə əldə olunan uğurların əsasını təşkil etmişdir.
Məhz bu güclü ordu sayəsində Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etmiş, 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etmişdir. Bu tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün və Azərbaycan əsgərinin qəhrəmanlığının nəticəsi olmuşdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, əldə edilən Qələbə Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biridir və güclü dövlətin əsas dayaqlarından birinin məhz güclü ordu olduğunu bir daha sübut etmişdir. Bu gün Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır.