Cümhuriyyətin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi bu gün istər tarixçilər, istərsə də iqtisadi mütəxəssislər üçün kifayət qədər maraq doğurur.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın dövlətçilik tarixində çox mühüm mərhələni təşkil edir. Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan xalqı tərəfindən yaradılması bizim üçün böyük qürur mənbəyi olan tarixi hadisədir. AXC-nin yaradılması xalqımızın milli kimliyinin, hansı ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulub. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirib. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük edib. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın səmalarında qürurla dalğalanır.