Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Bu səfər, ilk növbədə, bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunduğu bir dövrə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər bir daha göstərdi ki, Azərbaycan əməkdaşlıq platformalarına hər zaman açıqdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ədalətli münasibət prinsipləri əsasında qurulmalıdır.
Azərbaycan üçün prioritet istiqamətlər çoxşaxəlidir. Yaşıl enerji, neft-qaz ixracı, Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunun gücləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı bu prioritetlər sırasında xüsusi yer tutur. Bu baxımdan, Ursula Fon der Lyayenin səfəri Azərbaycanın artan geosiyasi və iqtisadi əhəmiyyətini bir daha nümayiş etdirdi. Səfərin əsas xüsusiyyətlərindən biri də davamlı sülhün iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi mesajı oldu. Əslində, iqtisadi münasibətlərin genişlənməsi regionda yeni siyasi arxitekturanın formalaşması deməkdir. Azərbaycan bu istiqamətin strateji xəritəsini hələ illər əvvəl müəyyən edib və ardıcıl şəkildə həyata keçirib.
Xüsusilə enerji resurslarının şaxələndirilməsi və etibarlı tədarük marşrutlarının formalaşdırılması fonunda ölkəmizin əhəmiyyəti daha da artıb. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəm qarşılıqlı etimadın və strateji tərəfdaşlığın inkişaf etdiyini göstərir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, milli maraqlara söykənən mövqeyi və regional təşəbbüslərdə fəal iştirakı ölkəmizi Avropa üçün etibarlı və strateji tərəfdaşa çevirib. Bu baxımdan, həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il 01 iyul tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sürətlə genişləndiyini təsdiq edir.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Avropa Komissiyası münasibətləri siyasi dialoq, enerji təhlükəsizliyi, bərpaolunan enerji, nəqliyyat-logistika və regional sülh kimi strateji istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi
ibtidai sinif müəllimi Rövşanə Cəfərova