Kapitulyasiya aktı
Siyasət
15:08
14.11.2024
11
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Bu həm də onu göstərir ki, Azərbaycanın niyyəti heç də müharibə deyil. Yəni sülhə atılan hər bir addım Azərbaycan üçün məqbuldur.
10 Noyabr bəyanatı mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bənzətmə üçün deyə bilərəm ki, İkinci Dünya müharibəsinin sonunda nasist Almaniyasının rəhbəri Adolf Hitler, Yapon imperatoru Hiroito, Faşist İtaliyanın rəhbəri Benito Musolini də Nikol Paşinyan kimi kapitulyasiya aktı imzalamışdı. Həmin kapitulyasiya aktlarına baxdıqda da 10 Noyabr bəyanatı ilə bənzərlik açıqca görünür. Bu mənada döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezidenti də İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu.
Bəzən 10 Noyabr bəyanatını 12 may 1994-cü ildə Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinə bəzədirlər. Bu düzgün yanaşma deyil. 10 Noyabr bəyanatını kapitulyasiya aktı edən başlıca məqam isə bəyanatda Ermənistanın öz üzərinə öhdəlik götürməsidir. Misal üçün Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bəyanata uyğun olaraq bir güllə belə atılmadan işğaldan azad edildi. Bu çox mühüm hadisədir. Çünki həmin ərazilər, xüsusilə də, Kəlbəcər coğrafi olaraq sərt relyefə və iqlimə sahibdir. Müharibənin qışa doğru uzadılması bu ərazilərdə itkilərin sayını artıra bilərdi. Bu mənada qeyd edilən ərazilərin bir güllə belə atılmadan bəyanata uğun olaraq işğaldan azad edilməsi diplomatik qələbədir. Bu qələbə isə heç şübhəsiz ölkə başçısının payı yüksəkdir.
Ən mühüm amillərdən biri budur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad oldu. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürüb. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu gün də bu dəhlizin yaradılması üçün ciddi işlər gedir. “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.”