Azərbaycanın Türk dünyasına açılan qapısı güclənir - Naxçıvanın tarixi missiyası yenidən formalaşır

13:44 12.08.2026 2
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təkcə yeni sosial, iqtisadi və infrastruktur layihələrinin təqdimatı ilə məhdudlaşmayan, bütövlükdə regionun gələcək inkişaf xəritəsini müəyyənləşdirən mühüm siyasi-strateji hadisə oldu. Dövlət başçısının səfər çərçivəsində verdiyi mesajlar bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın vahid dövlətçilik və təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olmaqla yanaşı, qarşıdakı dövrdə ölkənin nəqliyyat, logistika, enerji və iqtisadi inkişaf strategiyasında xüsusi mövqeyə malik olacaq.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması Naxçıvanın geosiyasi əhəmiyyətini də yeni mərhələyə çıxarıb. Artıq illər boyu blokada şəraitində yaşayan muxtar respublikanın qarşısında yeni imkanlar açılır. Naxçıvanın Türkiyə və İranla sərhədləri, Zəngəzur istiqamətində yerləşməsi və Türk dünyasını Azərbaycan üzərindən Avropa ilə birləşdirən marşrutların üzərində qərar tutması onu regional nəqliyyat və logistika xəritəsinin əsas məntəqələrindən birinə çevirir.
Prezident İlham Əliyevin səfəri zamanı nəqliyyat infrastrukturu, dəmir yolu bağlantıları, yaşıl enerji, sənaye, sosial rifah, şəhərsalma və müdafiə məsələləri ilə bağlı atılan addımlar da təsadüfi deyil. Burada söhbət ayrı-ayrı layihələrdən deyil, Naxçıvanın uzunmüddətli inkişaf modelinin formalaşdırılmasından gedir. Bir tərəfdən muxtar respublikanın müdafiə qabiliyyəti və təhlükəsizlik potensialı gücləndirilir, digər tərəfdən isə onun iqtisadi və tranzit imkanlarının tam reallaşdırılması üçün zəmin yaradılır. Xüsusilə Zəngəzur dəhlizi perspektivi fonunda Naxçıvanın əhəmiyyəti daha da artır. Bu proses Naxçıvanı Azərbaycanın əsas ərazisi, Türkiyə, İran və daha geniş mənada Mərkəzi Asiya ilə əlaqələndirən strateji qovşağa çevirə bilər.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan siyasətində əsas hədəf aydın görünür: vaxtilə blokada səbəbindən böyük iqtisadi və nəqliyyat məhdudiyyətləri ilə üzləşən muxtar respublikanı yeni dövrdə regionun ən mühüm iqtisadi, logistika və enerji mərkəzlərindən birinə çevirmək.
Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a deyib ki, Naxçıvanın geostrateji dayanıqlığı hərbi qüdrətin, yaşıl energetikanın və sənaye transformasiyasının vəhdətində təmin edilir:

"Ölkə rəhbərinin Naxçıvan Muxtar Respublikasına son səfəri regionun kompleks təhlükəsizlik modelinin və uzunmüddətli iqtisadi konsepsiyasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əsas ərazi ilə birbaşa coğrafi bağların olmaması şəraitində muxtar respublikanın müdafiə qabiliyyətinin fasiləsiz möhkəmləndirilməsi dövlətin geostrateji xəttinin nüvəsini təşkil edir. Əlahiddə Ümumqoşun Ordunun arsenalının modernləşdirilməsi və xüsusi təyinatlı Komando birləşmələrinin formalaşdırılması bölgenin hərbi çəkindiricilik potensialını əhəmiyyətli dərəcədə yüksəldib. Bu sistemli hərbi quruculuq addımları potensial riskləri neytrallaşdırmaqla yanaşı, regionda sabitliyin pozulmaz zəmanətçisinə çevrilmişdir. Eyni zamanda, Naxçıvanın enerji müstəqilliyindən xarici bazarlara enerji ixrac edən haba keçidi səfərin ideoloji oxunu təşkil edir. Təməli qoyulan 300 meqavatlıq istilik elektrik stansiyası və genişmiqyaslı günəş enerjisi layihələri regionun daxili tələbatını artıqlaması ilə ödəməklə yanaşı, yeni ixrac imkanları formalaşdırır. Yüksək insoliyasiya resurslarına söykənən alternetiv enerji təşəbbüslərinin özəl özül tərəfindən maliyyələşdirilməsi muxtar respublikanın investisiya cəlbediciliyini artırır. Əvvəlki illərdə həyata keçirilmiş yüzfaizli qazlaşdırma və svop mexanizmləri ilə birlikdə bu addımlar Naxçıvanı qlobal və regional enerji böhranlarının fəsadlarından tam təcrid edir".
Deputat vurğulayıb ki, sənayeləşmə xəttinin tərkib hissəsi kimi Naxçıvan Sənaye Parkının istifadəyə verilməsi regionun iqtisadi strukturunu köklü şəkildə dəyişir:

"İstehsalat sahələrinin genişləndirilməsi, yeni məşğulluq imkanlarının yaradılması və infrastrukturun yenilənməsi muxtar respublikanın özünütəminat səviyyəsini maksimuma çatdırır. Bu iqtisadi canlanma Zəngəzur koridorunun reallaşması perspektivi ilə birbaşa uzlaşaraq, Naxçıvanı regional nəqliyyat və loqistika qovşağına çevirmək hədəfinə xidmət edir.

Naxçıvanın Azərbaycan üçün strateji rolu təkcə onun iqtisadi və ya hərbi göstəriciləri ilə bitmir, həm də ölkənin geosiyasi mövqeyini müəyyən edən ən mühüm faktorlardan biri kimi çıxış edir. Türkiyə ilə yeganə həmsərhəd ərazimiz olan muxtar respublika Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin quru körpüsü və Türk dünyasını birləşdirən coğrafi halqadır. Məhz bu səbəbdən Naxçıvanın milli təhlükəsizlik arxitekturasında tutduğu yer dövlətin ümumi suverenliyinin və ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsidir. Eyni zamanda, bu diyar əsrlər boyu malik olduğu zəngin tarixi-mədəni irsi ilə Azərbaycan dövlətçilik düşüncəsinin və milli kimliyinin əsas dayaqlarından birini təşkil edir. Müasir dövrdə Naxçıvanın geostrateji baxımdan gücləndirilməsi Cənubi Qafqazda qüvvələr nisbətini balanslaşdırır və ölkəmizin regiondakı təsir imkanlarını daha da artırır. Geopolitik təcrid şəraitinə baxmayaraq, muxtar respublikanın nümayiş etdirdiyi dinamik inkişaf modeli Azərbaycanın dövlətçilik iradəsinin və böhranları imkanlara çevirmək bacarığının parlaq təzahürüdür. Bundan əlavə, gələcək nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə Naxçıvanın strateji çəkisi keyfiyyətcə yeni ölçü qazanacaqdır. Beynəlxalq yükdaşımaların və multimodal loqistika dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilən bu diyar Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirən əsas hərəkətverici qüvvələrdən birinə çevrilir. Bu kontekstdə Naxçıvana qoyulan hər bir sərmayə və həyata keçirilən hər bir layihə bilavasitə Azərbaycan dövlətinin uzunmüddətli geosiyasi gələcəyinə xidmət edir".

Milli Məclis təmsilçisi fikirlərinə belə yekun vurub:

"Səfər çərçivəsində səsləndirilən mesajlar Naxçıvanın yalnız lokal təhlükəsizlik məsələlərini həll etmədiyini, həm də Cənubi Qafqazın iqtisadi və energetika xəritəsində mühüm strateji aktora dönəcəyini nümayiş etdirir. Hərbi güc, bərpaolunan enerji və sənaye potensialının sinerjisi Azərbaycanın milli maraqlarının etibarlı müdafiəsinə zəmin yaradır".
Oxşar xəbərlər