Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti

13:08 22.12.2025 86
Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti



Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabr tarixində İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Prezident İlham Əliyev uğurlu siyasəti nəticəsində Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Azərbaycan iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilərək ölkəmizin hərtərəfli inkişafına geniş zəmin yaratdı. İqtisadi tərəqqi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın sabahına böyük inam ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmində də özünü təsdiqləyir.
Səmimi etiraf edək ki, bütün bu xoşbəxtlik və sevinc üçün biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi bütövlüyümüzün bərpa edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasəti bizə bu sevincləri yaşatmağa imkan verdi. Hər bir Lider öz xalqının yetirməsi, hər bir ölkə Liderinin əsəridir. Hər bir iqtisadi, siyasi və sosial uğurunu və müvəffəqiyyətini Azərbaycan xalqı ilə paylaşan dövlət başçısı, ölkə daxilindəki həmrəyliyi və birlik ruhunu daha da möhkəmləndirir. Xalqının maraqlarını ön planda tutan İlham Əliyev, Azərbaycanı daha güclü, firavan və inkişaf etmiş bir dövlətə çevirmək yolunda irəliləməyə davam edir.
Oxşar xəbərlər