Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqın birliyini, ordunun gücünü və Ali Baş Komandan İlham Əliyevin siyasətinin qətiyyəti, sərkədəliyi bir nöqtədə birləşdirdi. Lakin hamı bilirdi: qələbənin açarı Şuşadadır. Çünki Şuşa azad edilmədən Qarabağ tam azad sayılmayacaqdı.
Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsidir. Çətin relyef, ağır hava, düşmənin möhkəmləndirilmiş mövqeləri. Amma Azərbaycan əsgəri sanki dağa çevrildi, qayadan doğuldu. Silahsız, yalnız ruhla, iradə ilə, “Qarabağ Azərbaycandır!” nidası ilə Şuşaya doğru irəlilədi. Daşdan-daşa, qayadan-qayaya... Və 8 noyabr səhəri Şuşa azad edildi.
Tarixin o anı əbədiləşdi — Ali Baş Komandan xalqa müraciət etdi və bu sözləri dedi: “Əziz həmvətənlər, bu gün Azərbaycan xalqına müjdə vermək istəyirəm. Şuşa şəhəri azad edildi! Şuşa bizdədir! Qarabağ Azərbaycandır!”
Bu cümlələr təkcə hərbi qələbə xəbəri deyildi — tarix idi, qürur idi, bir millətin 30 illik həsrətinə nöqtə idi. O an hər bir evdə, hər bir azərbaycanlının ürəyində tək bir hiss vardı: “Bəli, biz qalib gəldik!”