Bayrağımız qürurumuzdur

12:39 7.11.2025 8
Bayrağımız qürurumuzdur


Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri çox maraqlıdır:
“Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.



Oxşar xəbərlər