Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Qazaxıstan Respublikasının paytaxtı Astanada verdiyi bəyanatlar və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı regionun gələcəyi, həm də Türk dünyasının birliyi baxımından mühüm siyasi və geosiyasi mesajlarla zəngindir.
Qazaxıstan Azərbaycan üçün həm qardaş, həm də dost ölkədir. Cənab Prezidentin verdiyi müsahibədə bu məqam xüsusilə vurğulanır. Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazisində məktəb inşa edib və bu addım mədəni münasibətlərin inkişafında mühüm rol oynayacaq. Hazırda dünyada yeni siyasi nizam formalaşır və bu şəraitdə Qazaxıstanla Azərbaycanın müxtəlif sahələrdə - iqtisadi, texnoloji, müdafiə və humanitar istiqamətlərdə əməkdaşlığı daha da dərinləşir. Prezidentin müsahibəsində qeyd olunduğu kimi, Qazaxıstan və Azərbaycan növbəti mərhələdə xarici siyasət və ikitərəfli münasibətlər baxımından müttəfiqlik səviyyəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Artıq Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin Türkiyə-Azərbaycan əlaqələri səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də ortaq tarixi, mədəni və mənəvi köklərə söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlərdə hər iki ölkə bir-birinə etibarlı tərəfdaş, sınaqlardan keçmiş dost və Türk dünyasının birliyinə töhfə verən aparıcı dövlətlər kimi çıxış edir.
Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi altında Qazaxıstanın sosial-iqtisadi inkişafı, modernləşmə və süni intellekt kimi yeni texnologiyaların tətbiqi sahəsində atdığı addımlar bütün region üçün örnəkdir. Bu, təkcə Qazaxıstanın inkişafının deyil, həm də Mərkəzi Asiyanın sabit və dayanıqlı gələcəyinin təminatıdır. Azərbaycan bu inkişafı qardaş sevincilə izləyir və dəstəkləyir.
Bugün Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birinə daim dəstək verən, vahid mövqedən çıxış edən iki dövlət kimi möhkəm təməl üzərində dayanır. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda bu həmrəylik daim özünü göstərir.
Qazaxıstanın Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, işğal illərində və ondan sonra göstərdiyi həmrəylik bu qardaş münasibətlərin dərinliyini nümayiş etdirir.
Cənab Prezident bu çıxışı ilə Cənubi Qafqazda sülhün və əməkdaşlığın artıq real mərhələyə qədəm qoyduğunu bir daha dünyaya bəyan etdi. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanın Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırması, ilk tranzit yükün Qazaxıstandan Ermənistana taxıl daşınması olması, sülhün artıq praktik müstəviyə keçdiyinin parlaq göstəricisidir.
Bu hadisə həm də göstərir ki, Azərbaycan sülhsevər siyasət yürüdür və regionda bütün dövlətlərin sabitliyi və rifahı naminə konstruktiv addımlar atır.
Cənab Prezidentin çıxışında vurğulandığı kimi, Zəngəzur dəhlizi və Orta Dəhliz təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütün Avrasiya regionu üçün yeni imkanlar açır. Zəngəzur dəhlizinin 2028-ci ilə qədər tam istismara verilməsi planlaşdırılır və bu, Asiyadan Avropaya uzanan ticarət və logistika xəritəsini köklü şəkildə dəyişəcək. ABŞ prezidenti Trampın təşəbbüsü ilə TRIPP layihəsi isə, Orta Dəhlizin yeni marşrutlarını birləşdirərək regionun qlobal nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edəcək.
Bu layihələr sayəsində Azərbaycan və Qazaxıstan regionda enerji, logistika və kommunikasiya körpüləri quraraq Avrasiyanın iqtisadi inteqrasiyasına rəhbərlik edən dövlətlərə çevrilməkdədir.
Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya vahid geostrateji məkan kimi bir-birinə bağlanır. Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni əməkdaşlıq mühiti xalqlarımızı daha da yaxınlaşdırır.
Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri strateji müttəfiqlik səviyyəsini çoxdan aşıb və yeni mərhələyə, geosiyasi əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq dəyərlər mərhələsinə qədəm qoyub.
Bu münasibətlər Türk dünyasının gücünün, Avrasiyanın gələcəyinin və regionda sabitliyin mühüm dayağıdır. Qazaxıstanın uğuru Azərbaycan üçün sevinc, ölkəmizin uğuru isə Qazaxıstan üçün qürurdur. Qardaşlıq, etimad və ortaq məqsədlər üzərində qurulan bu münasibətlər uzun illər xalqlarımıza sülh, rifah və tərəqqi bəxş edəcək.