Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

13:10 14.10.2025 20
Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir


Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin görüşündə yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar. Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən dövlət başçısı İlham Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü xüsusi vurğuladı.
Cənab İlham Əliyev çıxışında, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etdi. Vurğuladı ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. İclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında ətraflı məlumat verilib. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilməsinin əyani şəkildə şahidi olublar. Dövlət başçısı Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.
Oxşar xəbərlər