2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Bayrağını ucaldaraq bu torpaqların rəsmi olaraq dövlətə qayıtdığını bəyan etdi.
20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən bu günün təsis olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin rəmzidir. Bu əlamətdar günün təsis olunması 30 ildən artıq davam edən işğal dövrünün sona çatması, minlərlə qəhrəman Vətən övladının fədakarlığı və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində mümkün oldu.
Ardınca Xankəndidə keçirilən hərbi parad, Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun formalaşdırılması və Qarabağ FK-nın Xankəndidə ilk rəsmi oyunu bu bölgələrin dirçəlişinin başlanğıcını qoydu.
Prezidentin ardıcıl səfərləri zamanı Xankəndidə otellər, konqres və biznes mərkəzləri, məktəblər, bağçalar, universitet və klinikalar açıldı. Xocavənddə Hadrut və Tuğ kəndlərində məscidlər, yollar, məktəblər və turizm infrastrukturu quruldu. Xocalıda isə Çanaqçı və Sığnaq kəndləri ilə tanışlıq və bayrağın ucaldılması baş tutdu.
20 Sentyabr artıq yalnız bir tarix deyil – bu, Azərbaycanın gücünün, iradəsinin və birliyinin təntənəsidir. Bu gün, işğaldan azad edilən torpaqlarda həyatın yenidən doğulduğu, dövlətin və xalqın birgə səylərinin bəhrə verdiyi gündür