Dil xalqın ruhunun təzahürüdür, onun ruhudur. Hər bir xalq öz dili ilə tanınır, sevilir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir.
Azərbaycan dilinin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən dil siyasəti ilə bağlıdır. Ulu Öndərin dil siyasəti dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindən biri olmuşdur. O, hər zaman böyük qürur hissi ilə deyərdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Dahi şəxsiyyət eyni zamanda gənc nəsilə ana dilinin düzgün və hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyyə edirdi. Ümummilli Lider Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Ulu Öndər çıxışlarının birində qeyd etmişdir: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz.
Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, C.Məməmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq”. Dahi liderin qəlbinin dərinliyindən süzülən bu tarixi kəlamlar onun Azərbaycan dilinə olan sevgisinin, başlıca olaraq azərbaycançılıq idealogiyasını əbədi yaşatmaq niyyətinin əsas təzahürü idi. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi.