Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib

13:41 23.04.2025 62

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibə verib. Müsahibə zaman ölkə başçısı bir sıra məsələlərə toxunub:
2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.
Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk.
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir.
İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir.
Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır – deyə Prezident İlham Əliyev qeyd edib.
Oxşar xəbərlər