Bildiyimiz kimi cari ilin aprel ayının 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilib. Məlumat üçün bildiririk ki, Bakı 2015-ci ildən ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti 11-ci toplantısına ev sahibliyi edir. Qeyd etməliyik ki, bu il keçiriən toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Bundan əlavə tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirdilər.
Tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış etmişdir. Cənab Prezident öz çıxışında Cənub Qaz Dəhlizi və Yaşıl Enerjinin əhəmiyyəti ilə bağlı mühüm mesajlar verdi. Xüsusi olaraq qeyd etməliyik ki, hazırda mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı müzakirə edilən məsələlər olduqca aktualdır və bu gün enerji təhlükəsizliyi məsələsi artıq hər bir ölkə üçün milli məsələ səviyyəsinə qədər yüksəlib. Dövlətimizin başçısı öz çıxışında real vəziyyəti konkret faktlarla, nümunələrlə izah etdi. Bu baxımdan əvvəllər Qərb dünyasının dırnaqarası baxdığı və reallaşmasına şübhə ilə yanaşdığı Cənub Qaz Dəhlizinin böyük rola malik olduğu Möhtərəm cənab Prezident tərəfindən xüsusi olaraq vurğulanmışdır.
Hər kəsə məlumdur ki, hazırda mövcud olan münaqişə və müharibələrin fonunda yeni dünya düzəni formalaşmaqdadır. Möhtərəm cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan yeni dünya düzənində öz layiqli yerini tutur. Bu gün enerji təminatı məsələsi hər bir dövlət üçün əsas prioritetlərdən biridir. Məhz bu baxımdan ölkəmiz hazırda enerji təminatında əsas tərəfdaşlardan birinə çevrilib. Qeyd etməliyik ki, Rusiya – Ukrayna müharibəsi tezliklə sona çatsa belə əvvəlki geosiyasi vəziyyəti bərpa etmək uzun illər alacaqdır. Məhz bu səbəbdən bütün istiqamətlərdə olduğu kimi enerji təhlükəsizliyi məsələsində də yeni diplomatiyaya ehtiyac yaranır. Belə bir vaxtda çətin vəziyyətdə qalan Avropa zəngin enerji resurslarına malik olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Cənab Prezident bu məsələyə toxunaraq qeyd etdi ki, “Avropanın enerji təminatında uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Ölkəmiz bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməkdədir.”
Bütün bunların fonunda Avropa İttifaqı ölkələri ilə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan razılaşmalar bu əməkdaşlığın daha da genişlənməsinə və Azərbaycanın etibarlı tərəfdaş rolunu oynamasına gətirib çıxarır. Enerji sahəsində zəngin potensiala sahib olan ölkəmiz bu istiqamətdə reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirməkdədir. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan tərəfindən Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. İnanırıq ki, nəzərdə tutulmuş beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan mühüm enerji mərkəzinə çevriləcəkdir.