Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik

12:19 15.03.2025 128
Bu, olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Həmin layihələrin icrasını görürük. Beləliklə, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir.Ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir.
Bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.
Oxşar xəbərlər