Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir

18:06 26.02.2025 28
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir




Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ən mühüm xüsusiyyətlərindən biri dünya miqyasında qarşılıqlı faydalı və səmimi münasibətlər qurmaq bacarığıdır. Prezident İlham Əliyevin bu konsepsiya ölkəmizin ətrafında hər birinin qarşılıqlı hörmət, bərabərlik və ümumi maraqlara əsaslanan özünəməxsus yanaşmasına malik dostlar, müttəfiqlər və tərəfdaşlar dairəsinin formalaşmasına öz töhfəsini verir. Azərbaycanın qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşmişdir. Artıq bu əməkdaşlıq regional səviyyədə də əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev fevralın 24-də Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı qeyd etdiyi kimi: “Azərbaycan ilə Pakistan arasındakı əlaqələr təkcə xalqlarımız üçün deyil, həm də təmsil etdiyimiz regionlar üçün çox vacibdir”. Həm Azərbaycan, həm də Pakistan öz regionlarında qeyri-adi rol oynayır və onların tərəfdaşlığı bu əməkdaşlığın sərhədlərini qonşu ölkələrə qədər genişləndirir, qarşılıqlı fəaliyyət üçün əlverişli mühit yaradır. Adətən, iqtisadiyyat siyasəti formalaşdırır, lakin Azərbaycan və Pakistan timsalında siyasi əlaqələr çox yüksəkdir və iqtisadi tərəfdaşlıq indi onların səviyyəsinə çatmalıdır. Pakistanın baş nazirinin Bakıya budəfəki səfərinin məqsədlərindən biri də iqtisadi əməkdaşlığın daha da gücləndirilməsidir. Elə fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumunun keçirilməsi də bunun əyani sübutudur.
Oxşar xəbərlər