Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün vida mərasimində iştirak etdi, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi
Siyasət
11:48
30.12.2024
68
Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı olacaq. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.
Qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar.
Biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.
2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.
Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilmişdir:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:
Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı.