Azərbaycanın hər bir vətandaşının qürur duyacağı gənc, ölümü ilə belə ailəsinə, vətəninə, xalqına baş ucalığı gətirən gənc nəsil
Mədəniyyət
10:43
16.02.2024
67

198N-li tam orta məktəbinin direktoru Şəlalə Nadirova - Əziz və dəyərli oxucular!
Məni və mənim kimi bir çoxlarını narahat edən bir məsələni sizinlə bölüşmək istəyirəm. Bilirəm ki, hamınız daxilən xoşagəlməyən ,ürək ağrıdan hadisələrə biganə qalmırsınız. Bəziləriniz onu dilə gətirir,bəziləriniz isə susaraq içərinizdə bir üsyan edirsiniz. Dilə gətirməkdən ehtiyat edirsiniz. Mən də sosial şəbəkədə dilə gətirməkdə ehtiyat edənlərdən biriyəm. Amma bu son hadisə məni çox sarsıtdı. Düşündüm ki, artıq fikirlərimi dilə gətirim...
Çox təəssüf hissi ilə qeyd edim ki, son dövr məni narahat edən yetişən gənc nəslin iki hissəyə ayrılmasıdır. Sanki gənclərimizin düşüncə və təfəkkürü iki hissəyə bölünür: Bir tərəfdə vətən uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan gənclər. O gənclər ki Azərbaycanın hər bir vətandaşının qürur duyacağı gənc, ölümü ilə belə ailəsinə, vətəninə, xalqına baş ucalığı gətirən gənc nəsil. Savadı ilə yüksək nailiyyətlər əldə edərək xarici ölkələrdə Azərbaycan bayrağını yüksəklərə qaldıran, dünyaya tanıdan gənclər. Hər birimizin sevimlisinə çevrilən bu gənclər bizə qürur hissi yaşadır. Onlar bizi tanımasalarda,biz onlarla fəxr edirik. Axı o gənclər bizim gələcəyimizdir.
Digər tərəfdə isə psixoloji cəhətdən travmalı, böyük və kiçik yeri bilməyən, pis vərdişlər aludəçisi olan, ərköyün böyüyən, məktəbə, təhsilə qarşı laqeyd olan, "ver yeyim, ört yatım" prinsipi ilə yaşayan, heç yerdə iş yoxdur deyib tüfeyli həyat sürən, aza qane olmayıb oğurluq edən və bu kimi mənfi xüsusiyyətlər ilə yaşayan gənclər.
Bəs nə etməli? Necə davranmalı? Cəmiyyətimizdə üzləşdiyimiz belə bir vəziyyətdən çıxış yolunu necə tapmalı?
Yaşadığımız cəmiyyətdə hər birimiz bu və ya digər hallarla üzləşirik. Heç kim deyə bilməz ki, mən heç vaxt hansısa bir xoşa gəlməz halla qarşılaşmayacam.
Onu xüsusi olaraq qeyd edim ki, gələcək nəslin yetişməsində müstəsna rolu olan ailənin və məktəbin məsuliyyəti danılmazdır. Əziz valideynlər, övladlarınızın üzərində nəzarətinizi gücləndirin.Təhsilin onların həyatında önəmli olmasını başa salın.Məktəb şagirdin cəmiyyətə uyğunlaşmasıdır. Məktəbi, müəllimləri özünüzə dost hesab edin. Onlara güvənin. Övladlarınızda məktəbə ,müəllimə sevgi aşılayın.Əgər sizin övladınızla bəzən sərt, bəzən kobud rəftar olunduğunu düşünürsüzsə, o an günahkar kimi qarşı tərəfi cəzalandırmağa çalışmayın. Çünki uşağınız bu vəziyyətdən istifadə edəcək və bu kimi hallar artıq onun həyatının və davranışlarının bir hissəsinə çevriləcək. Zamanla bu davranışlar bütün bir cəmiyyətin bəlasına çevrilərək kiçik problemlərlə üzləşən, iradəsi zəif, mənəviyyatı yoxsul gənclərdə çıxış yolu kimi görünəcək..
Sosial şəbəkələrdə insanları təhqir etməyin, əxlaqsız ifadələrə yer verməyin. Belə qeyri-etik sözlər söyləmədən də fikrinizi gözəl, rahat,səbrlə ,təmkinlə ifadə edə bilərsiniz.
İnanıram ki, son zamanlar yayılan pis xəbərlər hamını narahat edir. Belə xəbərlərin sayının azalması üçün işimizə məsuliyyətlə yanaşaq. Əgər ailədə problem varsa "kim nə deyər?" fikrini tamamilə unudaq,yarana biləcək hər hansı bir neqativ halların qarşısını almaq üçün kömək istəyək,ehtiyat etməyək.
İkinci tip gənclərin cəmiyyətimizdə yetişməməsi üçün gəlin əl-ələ verək, onların sayını azaldaq. Əziz sosial şəbəkə istifadəçiləri, hər birimiz cəmiyyətimiz üçün, xalqımız üçün çox böyük gücük. Bu gücümüzdən düzgün və yararlı şəkildə istifadə edək. Bir-birimizə dəyər verək,insanların uşaqların, körpələrin gözəl yaşaması üçün cəmiyyətimizi gözəlləşdirək...