İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi

10:27 11.09.2026 2
İsrail ordusu tərəfindən Livanın cənubunda Hizbullah-ın alınmaz qalası sayılan Əli əl-Tahir yüksəkliklərində yeraltı bunkerləri və tunelləri dağıtmaq üçün 1100 tondan çox partlayıcı maddə istifadə edilib.

Məlumatı İsrail mənbələrinə istinadən Lebanon Debate xəbər portalı yayıb.

Bildirilir ki, Milli Geofizika Mərkəzi yeraltı tikililərin partlaması nəticəsində yaranan 4,2 bal gücündə zəlzələyə bərabər seysmik dalğalar qeydə alıb.

ABŞ Geoloji Xidməti (USGS) həmçinin yüksəkliklərin yerləşdiyi Nəbatiyə quberniyasında da təkanlar barədə məlumat verib.

Daha əvvəl İsrail komandanlığının sözçüsü Ella Vaviya ərəb dilində bildirib ki, geniş hazırlıq işlərindən sonra 36-cı diviziyanın mühəndis bölmələri Əli əl-Tahir yüksəklikləri ərazisindəki yeraltı tunelləri dağıdıb. Onun sözlərinə görə, bu, Hizbullah-ın döyüş qabiliyyətini daimi olaraq neytrallaşdırmaq məqsədi ilə edilib:

"Məhv edilmiş terrorçu infrastrukturu iki kilometrdən çox uzanıb. Yeraltı obyektlərdə onlarla İran istehsalı olan raket, mərmi və dron, eləcə də pulemyot, tank əleyhinə raket, yüzlərlə mina və əldəqayırma partlayıcı qurğu aşkar edilib".

İsrail tərəfinin məlumatına görə, bu obyektlər strateji əhəmiyyətə malik idi, 20 ildən çox müddət ərzində İran tərəfindən layihələndirilib və maliyyələşdirilib.

Xatırladaq ki, Əl-Tahir yüksəkliklərində Hizbullah qüvvələri ilə yanaşı, SEPAH-ın 100-dək döyüşçüsü mühasirədə saxlanırdı.
Oxşar xəbərlər