Rusiyalı avrasiyaçı filosof və Kremlə yaxın xadim kimi tanınan Aleksandr Duqin Ukrayna ilə bağlı son dərəcə hədələyici fikir işlədib. O, Kiyevin "yaxın aylarda" rus qoşunları tərəfindən ələ keçiriləcəyini bildirib. Bu barədə o, özünün Telegram kanalında yazıb: "Kiyev yaxın aylarda ələ keçiriləcək". Lakin Duqin proqnozu üçün başqa heç bir təfərrüat və ya əsaslandırma təqdim etməyib.
İstənilən halda belə bir hədə nəinki Kiyevdə, ümumiyyətlə, digər postsovet ölkələrində necə oxunmalıdır? Kremlin yaxın aylar üçün konkret işğal planı varmış, nədir?
Siyasi ekspert Ramiyə Məmmədova Musavat.com-a açıqlamasında yada salıb ki, Rusiya üç günə Kiyevi tutmağı hədəfləmişdi, beş ildir istəyinə çata bilmir. Onun sözlərinə görə, Duqin ağlını getdikcə itirməkdədir və reallıq hissindən uzaqdır.
Ekspert hesab edir ki, bu quru hədələr sözdən əmələ keçə bilməz: "Çünki məntiq belə deməyə əsas verir. Rusiya Silahlı Qüvvələrinin o potensialı qalmayıb ki, Kiyevi işğal etsinlər. Hətta nəinki Kiyev, heç Sumı, Xarkov, Nikolayev, Odessa vilayətlərindən birini tutmağa gücü qalmayıb. Əgər rus ordusunun taqəti olsaydı, ən azından Donetsk vilayətini tamamilə ilhaq edərdi. Amma Kramatorsk-Slavyansk istiqamətini yara bilmirlər. Bu da ondan xəbər verir ki, işğalçı qüvvələr Kiyevə yaxınlaşmaq iradəsinə malik deyil".
Ramiyə Məmmədova Duqinin dediklərini həm də ona görə mümkün saymır ki, Ukrayna müharibəni Rusiya ərazilərinə keçirib, özünün hərbi sənaye kompleksini inkişaf etdirib, üstəlik, işğal olunmayan ərazilərdə güclü istehkamlar qurub: "Eyni zamanda, Kiyevə daxil olmaq üçün o imkan yoxdur. Müharibə yeni başlayanda desantlar paytaxtda idi, Qostomel istiqamətindən irəliləyiş vardı, lakin mart danışıqlarında rus qoşunlarının geri çəkilməsi razılaşdırıldı. Rusiya anlayırdı ki, bu böyük ərazilərin hamısında döyüşməyə onun resursları çatmayacaq. İndi də resursların tükəndirilməsi əməliyyatları davam edir. On görə Kiyevi tutmaq arzusu mifdir. Sadəcə, Rusiya zehniyyəti dəyişməyib. Məsələyə bu rakursdan baxanda görmək olar ki, rus ideoloqları işğalçı təfəkkürdən azad ola bilmirlər. Bu da onların postsovet məkanını itirmək qorxusundan qaynaqlanır. Rusiya artıq imperiya olmadığını qəbul etməlidir".