“Vicdanın Səsi ilə Yazılan Ömür: Edalət Nəbi Qarabuludun Jurnalistika Yolu”
Mədəniyyət
22:47
7.12.2025
225

Jurnalistika elə bir yoldu ki, orada addım səsindən çox, vicdanın səsi eşidilir. Bu yolda hər kəs gələ bilər, amma az adam qala bilir. Qalanlardan biri də Edalət Nəbi Qarabuluddur — qələmi ilə yol açan, sözü ilə yön verən, hər cümləsinə məsuliyyət yığan adamlardandır.
Media rəhbərliyi də asan iş deyil…
Burada hər gün yeni qərar, yeni məsuliyyət, yeni məsələ…
Bir səhv xəbərin yükünü daşımaq da var, bir doğru sözün işığını yandırmaq da. Edalət müəllim illərlə bu işıqlı tərəfi qorumağı bacaranlardan olub — səsi sakit, amma təsiri kəskindir.
Onun yazılarında təkcə məlumat yox, həyat nəfəsi var.
Oxuyanda hiss edirsən ki, bu sözlər kabinetdən yox, həyatın içindən çıxır. Zəhmətin nə olduğunu bilən adamın qələmi başqa cür olur — səmimi, oturuşmuş, peşəkar.
Fəaliyyəti boyunca topladığı hörmət də təsadüfi deyil.
Jurnalist kimi də, redaktor kimi də, rəhbər kimi də — onun ən güclü tərəfi hər zaman düz duruşu, təmiz niyyəti və peşəsinə sevgisi olub.
Elə buna görə də insanlar ona tək rəhbər kimi yox, sözün arxasında dayanan dayaqlı bir insan kimi baxır.
Bəzən bir ömrün qiyməti yazdıqlarınla ölçülür.
Edalət Nəbi Qarabuludun ömrü də elə bu cür iz qoyub —
sözlə, zəhmətlə, əmrlə, fəaliyyətlə.
Arxada qalan illər isə tək təcrübə deyil, həm də nümunədir.
Və bu nümunə hələ çox gənc qələmə yol göstərəcək…
Rüstəm Zaidoğlu