Azərbaycan kinosunun simvollarından olan sənətkarın bir dilim həqiqətə sıxışan taleyi haqqında…Bəli, Nəsimi, Babək, Dədə Qorqud… Və... kolbasa. Oxuyarkən bir az qəribə səslənə bilər. Amma sırağagün televiziya ekranında məhz belə bir ardıcıllığa şahid oldum. Söhbət əfsanəvi aktyorumuz Rasim Balayevin yeni bir reklam çarxından gedir. “Ən dadlı kolbasa bizimkidir!” deyə gülümsəyən aktyorun simasında nədənsə həm tanış, həm də yad bir ifadə vardı. Nəsimi deyildi, Babək deyildi... Bu, “Səbir” adlı filmin son səhnəsi idi sanki.
Təbii ki, bir çoxları bu reklamı görəndə təəccübləndi. Bəziləri təəssüfləndi, bəziləri isə hətta qəzəbləndi. Rasim Balayev? Kolbasa reklamında? Qınayanlar da oldu, lağ edənlər də. Amma gəlin, məsələni yalnız bir dilim kolbasa üzərindən müzakirə etməyək. Gəlin, o kolbasa diliminin arxasındakı
bütün bişməmiş həqiqətləri görək.
Rasim Balayev bu ölkənin kino yaddaşıdır. Nəsimi obrazı ilə azadlıq ideallarını, Babək rolu ilə mübarizəni, Dədə Qorqudla isə kimliyimizi simvolizə edən aktyordur. Ancaq bütün bu simvolların sahibi, sənətkar ömrünün son çağında rol deyil, reklam tapırsa, məsuliyyət onun yox,
kino sisteminin üzərinə düşür. Axı bu aktyor illərlə gözlədi. “Bəlkə bir gün bir səviyyəli film çəkilər, çağırarlar,” – deyə ümidlə yaşadı. Amma vaxt gözləmədi. 30 illik susqunluq ona “səbir” medalını yox, kolbasa reklamnı gətirdi.Niyə bu gün bizim aktyorlarımız reklamlarla öz sənətini xatırladır? Çünki bu ölkədə film çəkilmir. Daha doğrusu, film çəkilir, amma
sənət deyil. Ssenarilər tələsik yazılır, rejissorlar peşəkar yox, qohum tanış olur, aktyor seçimi isə “kim tanışdı, o gəlsin” prinsipi ilə aparılır. Kino adlanan bu dövriyyədə isə Rasim Balayevə yer tapılmır. Çünki onun oynaya biləcəyi rollar artıq yazılmır, çəkilmir, düşünülmür. Onun sənəti bu dövr üçün çox ağırdır.
Onu reklama çəkildiyinə görə qınamaq asandır. Amma bu qınamağın arxasında özümüzlə bağlı daha böyük suallar dayanır. Mədəniyyət siyasəti nə işlə məşğuldur? Kino qurumları illərlə niyə susub? Axı bu aktyor sadə bir serialda deyil, ölkənin
kino tarixində iz qoymuş şəxsdir. Onu ekrana qaytarmaq üçün 40 dəqiqəlik gülüş şouları deyil, ciddi layihələr tələb olunurdu. Amma görünür, kolbasa reklamına ayrılan büdcə, bir sənət filminə ayrılan büdcədən daha realdır bu gün
.Təəssüf ki, biz bu cür sənətkarları heykəl halına salmaqda ustayıq, amma onlara
yaşayan heykəl kimi dəyər verməyə gələndə laqeyd qalırıq. Elə bil ki, onlar yalnız keçmiş üçündür, bu gün üçün yox. Amma sənət yaşayıb nəfəs alan varlıqdır. Onu yalnız arxivləşdirmək yox,
yaşatmaq lazımdır.Bugünkü mənzərə budur: kino sektorunda Babək yoxdur, ancaq Babək kolbasa sektorunda yaşayır. Ironiya kimi görünür, amma reallıq budur. Bir sənətkarın həyatı boyunca qoruduğu prinsiplər, son anda bir reklam çarxında buxarlanır. Bu, təkcə Rasim Balayevin yox,
bütövlükdə cəmiyyətin itkisidir.Bəlkə bir gün gələcək və bu reklam çarxı arxivdən çıxarılacaq, altına da yazılacaq: “Azərbaycan aktyor sənətinin XXI əsrin ilk rübündəki taleyi.” Gələcək nəsillər baxacaq və soruşacaq: “Bunlar bu aktyoru niyə ekranlardan yox, soyuducudan tanıyırmışlar?”
Nə deyəsən? Rəhmətlik Səməndər Rzayev demişkən: "Ayəə, bu kino var eee, coox qəliz məsələdi...". Maləsəf, bizdə kino ölüb, kolbasa isə bu gün də var, yarın da olacaq. Tak ucto... Ədalət NƏBİ, BİA.az