Dünyada baş verən hərbi münaqişə və geosiyasi konfliktlər, dünya iqtisadiyyatında qeydə alınan köklü dəyişikliklər hər bir ölkənin həyatında hiss olunmaqdadır. Dünyanın demək olar ki, bütün ölkələri enerji keçidi, ticarət yollarında regional münaqişələrdən doğan dəyişikliklərdən təsirlənir. Bir qisim ölkələr üçün bu təsir mənfi, digər qisim üçünsə müsbət tendensiyalarla özünü büruzə verir.
Azərbaycan ikinci qisim ölkələrdən olmaqla, vaxtında həyata keçirilən hazırlıqlar sayəsində gedən dəyişikliklərə daha tez adaptasiya olmaqla yanaşı, onlardan maksimum faydalanmağa çalışır. Bu mənada, 44 günlük qalibiyyət müharibəsindən sonra mühüm regional tranzit mərkəzinə çevrilmək, Ermənistanla iqtisadi əlaqələrin qurulması yolu ilə bu rolu gücləndirmək istiqamətində atılan addımlar xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin dünyanın ən mühüm iqtisadi-siyasi mərkəzlərindən tam dəstək alması ölkəmizin Asiya ilə Avropa arasında enerji, nəqliyyat, rəqəmsal ötürücü mərkəzə çevrilməsi üçün münbit zəmin yaradır. Bu proses 30 ilə yaxın müddətdə blokada şəraitində yaşayan, Türkiyə və İran üzərindən ölkənin əsas hissəsi ilə qurulan kövrək əlaqələrə möhtac qalan Naxçıvanın iqtisadiyyatının tamamilə yenidən qurulmasına, onun yenidən cızılan regional tranzit-nəqliyyat marşrutlarının mühüm tərkib hissəsinə çevrilməsinə gətirib çıxarmaqdadır.
Torpaqlarımızın işğaldan azad olunması sayəsində bölgədə mühüm nəqliyyat-infrastruktur layihələrinin icrasına başlanması mümkün olub. Ötən ilin 8 avqustunda Vaşinqtonda imzalanan anlaşma Zəngəzur dəhlizinin reallaşması imkanlarını dəfələrlə artırıb. TRIPP layihəsinə ABŞ və Avropa İttifaqının tam dəstəyinin əldə olunması Naxçıvanın regional əhəmiyyətli nəqliyyat-logistika qovşağına çevrilməsi baxımından strateji üstünlük yaradır.
Naxçıvana səfəri zamanı Dövlət Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, Zəngəzur dəhlizi sadə bir ticarət yolu olmayıb, enerji, xüsusilə də yaşıl enerjinin, rəqəmsal bağlantıların da ötürülməsi üçün istifadə edilən çoxfunksiyalı dəhlizə çevriləcək. Bu dəhliz həm Şərq-Qərb nəqliyyat yolunun tərkib hissəsi olacaq, həm də Şimal-Cənub dəhlizi ilə əlaqələndiriləcək - Şimal-Cənub nəqliyyat dəhlizinin Astara (Azərbaycan)-Astara (İran) keçidindən başqa yeni bir istiqaməti Culfa (Azərbaycan)-Culfa(İran) keçidi də yaradılacaq. Beləliklə də Naxçıvan həm Azərbaycan–Türkiyə–Avropa, həm Mərkəzi Asiya–Xəzər dənizi–Cənubi Qafqaz–Türkiyə, həm də Asiya-İran-Gürcüstan-Avropanı birləşdirəcək mərkəz rolunu oynayacaq. Bu isə nəinki Naxçıvan və Azərbaycanın, eləcə də bütövlükdə regionun iqtisadiyyatına investisiyaların və müasir texnologiyaların cəlbinə səbəb olacaq.
Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi həm də Azərbaycan və Xəzərin o tayının neft-qazının dünya bazarına çıxarılması üçün alternativ ola bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər”.
Naxçıvanla bağlı planların reallaşması üçün maliyyə mənbələrinin tapılması da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Dövlət Televiziyasına müsahibəsində Avropa İttifaqının Naxçıvan ərazisindəki dəmiryol sisteminin yenidənqurulmasına sərmayə yatırmaq niyyətində olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, hətta Aİ və ya digər investorlar Naxçıvanın nəqliyyat infrastrukturunun yenidənqurulmasında iştirak etməsələr belə, Azərbaycan özü bu proqramları maliyyələşdirməyin yolunu tapacaq. Bununla da Azərbaycan Prezidenti tək Naxçıvanın deyil, bütövlükdə ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyan təşəbbüsün icrasında qətiyyətli olduğunu bir daha bəyan edib.
Naxçıvan iqtisadiyyatının, infrastrukturunun gözlənilən dəyişikliklərə hazır olması da qarşıda duran vəzifələrdən biridir. Bu baxımdan, Azərbaycan prezidentinin Naxçıvana səfərindən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı mühüm əhəmiyyətə malikdir.
Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyaları inşa edilib. Hazırda 400/330/110 kV-luq ”Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.
İşğaldan azad olunmuş ərazilər kimi, yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.
Bölgənin nəqliyyat infrastrukturunun gücləndirilməsi istiqamətində də işlər davam etdirilir: 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.
Prezidentin sərəncamına əsasən Naxçıvanda enerji, təhsil, nəqliyyat, sosial və digər sahələrdə yenidənqurma və təminat işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılır. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Naxçıvanda müasir infrastrukturun qurulması ilə yanaşı muxtar respublika əhalisinin məşğulluğunun təminatına mühüm töhfə verəcək.
Qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. “Şəms 1” stansiyasının tam istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına ekvivalent həcmdə istehsalın yaradılması, təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınması və 12 milyon kubmetr təbii qaza qənaət edilməsi nəzərdə tutulur.
Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi gələcəkdə enerji ixracının başlanması üçün münbit zəmin yaradır. Bərpa olunan mənbələrdən enerji istehsalının artırılması muxtar respublikanın yalnız enerji tranzit qovşağı deyil, enerji ixracatçısı rolunu oynamasına gətirib çıxaracaq.
Naxçıvan Sənaye Parkının yaradılması isə bölgənin həm də sənaye məhsullarının ixracatçısı olmasına imkan yaradacaq.
Naxçıvanın 194,2 km-lik dəmir yolu infrastrukturunun yenilənməsi çərçivəsində 10 stansiya və 3 sərnişin platforması yenidən qurulur. Zəngəzur dəhlizi üzrə layihələr yekunlaşdıqdan sonra xəttin illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu, çox böyük həcm deməkdir və planın reallaşması yalnız Naxçıvanın inkişafına deyil, bütövlükdə Azərbaycanın regionda aparıcı rolunun güclənməsinə təkan verəcək.
Azərbaycan Naxçıvanı həm də azad iqtisadi zona statusuna sahib olmasını təmin edir. Məlumdur ki, Muxtar Respublikaya işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan vergi, sosial və gömrük güzəştləri tətbiq olunur. Bu çərçivədə Naxçıvanda fəaliyyət göstərən və istehsalla məşğul olan sahibkarlar növbəti 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad edilib, həmçinin müvafiq texnika, xammal və avadanlıqların idxalında ƏDV güzəştləri tətbiq olunur.
Naxçıvanda vergi uçotunda olan və istehsal ilə məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergi ödəməyəcəklər. Vergi azadolmaları rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərinə də şamil edilir. Naxçıvanda fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də 10 il müddətində vergidən azaddır. ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən təsdiqedici sənəd əsasında siyahıya uyğun texnika, texnoloji avadanlıq, qurğu, habelə xammal və materialların idxalı da ƏDV-dən azaddır.
Bütün bu güzəşt və imtiyazlar Naxçıvan iqtisadiyyatına irihəcmli investisiyaların cəlb olunması üçün əlverişli şərtlər formalaşdırır.
Azərbaycan dövləti Naxçıvanın mühüm regional nəqliyyat-logistika və tranzit qovşağına çevrilməsi, müasir texnologiyalara əsaslanan iqtisadi inklişafı baxımından bütün zəruri addımları atır. Bu addımların müsbət nəticələri tezliklə muxtar respublika iqtisadiyyatında, əhalinin rifah halında özünü büruzə verəcək.