Pakistanlı MBA tələbələri “Ulduz” fabrikində Azərbaycan istehsalını kəşf etdilər
Gündəm / İqtisadiyyat
16:20
10.09.2025
136

Azərbaycana səfər edən Pakistanın Milli Elm və Texnologiya Universitetinin “Executive MBA” proqramının tələbələri ölkənin ən böyük şokolad istehsalçılarından biri olan “Ulduz” fabrikində istehsalat turuna qatılıblar.
Veysəloğlu Şirkətlər Qrupunun təşkil etdiyi tədbirdə 27 tələbə və onların professoru iştirak edib. Qonaqlara əvvəlcə şirkətin fəaliyyət sahələri, regional biznesdəki rolu və “Ulduz” fabrikinin ixrac potensialı barədə geniş təqdimat edilib.
Təqdimatı “Veysəloğlu-Distribusiya”nın kateqoriya meneceri Elnur Allahverdiyev və fabrikin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli aparıblar. Daha sonra tələbələr real istehsal prosesini izləyib, texnoloji xəttin iş prinsipi ilə tanış olublar.
Səfərin sonunda “Ulduz”un xüsusi məhsulları – “I love Azerbaijan” premium şokoladları tələbələrə hədiyyə edilib. Qonaqlar bu təcrübəni Azərbaycanın sənaye mühitini yaxından öyrənmək üçün əlamətdar addım kimi dəyərləndiriblər. Onlar gələcəkdə Veysəloğlu Şirkətlər Qrupunun biznes modellərindən faydalanmaq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək niyyətində olduqlarını bildiriblər.