Ağsu rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda konfrans keçirilib
Gündəm / Bölgə
00:27
14.06.2025
101
13 iyun 2025-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda konfrans keçirilib .
Xebercimedia.az xəbər verir ki, Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Daha sonra RİH-nin akt zalında davam edən konfrans zamanı torpaqlarımızın azadlığı, respublikamızın suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli konfrans iştirakçılarını salamlayıb, 15 İyun – Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. Bildirib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il respubilkamızda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Füzuli Kərimli Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən söz açaraq tarixi vərəqlədikcə, Ulu Öndərin atdığı addımların hər bir azərbaycanlını qürurlandırdığını qeyd edib. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, Ümummilli Lider hakimiyyətə gəlişi ilə ən geridə qalmış Azərbaycanı qısa bir vaxtda inkişaf etmiş ölkələr sırasına gətirib çıxardı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.
Konfransda digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirərək torpaqlarımızı düşmən işğalından azad edən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. 