Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 13 İllik Fəaliyyəti Ağsu Rayonunda Qeyd Olunub
Gündəm / Bölgə
23:01
13.02.2025
250
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü Ağsu rayonunda qeyd edilib. Famil Əliyev çıxış edərək Dövlət Xidmətinin fəaliyyətində son illər ərzində əldə edilən nailiyyətlər, aparılan islahatlar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan tapşırıqların icrası barədə ətraflı məlumat verib.
Xebercimedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirib. Xidmətin fəaliyyət istiqamətləri arasında səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi yer tutur.
Dövlət Xidməti həmçinin vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, məmnunluğun təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha peşəkar və bilikli kadrlarla komplektləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bu sahədə həyata keçirilən islahatlar ölkəmizin müdafiə sistemini daha da gücləndirərək, ordu quruculuğuna və gənclərin vətənpərvərlik tərbiyəsinə mühüm töhfələr verib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Qələbə məhz ölkə rəhbərliyinin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin müdafiə qüdrətinin artırılmasına, milli təhlükəsizliyimizin təmin edilməsinə töhfə vermək üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.