Danışıqların yekununda dörd işçi qrupu yaratdılar

11:09 23.06.2026 1
İran və ABŞ İsveçrədəki danışıqların yekunlarına əsasən 4 işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

“Press TV” xəbər verir ki, bu barədə məlumatı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlayıb.

Onun sözlərinə görə, sanksiyaların ləğvi, nüvə mövzusu, yenidənqurma və iqtisadi inkişaf, həmçinin razılaşmaların monitorinqi və icrası üzrə dörd ixtisaslaşdırılmış işçi qrupu təsis edilib.

Tehran və Vaşinqton həmçinin gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün anlaşma memorandumunun iştirakçısı olan ölkələr üçün əlaqələndirici mərkəz yaratmaq barədə razılıq əldə ediblər. Bundan əlavə, Livanda gərginliyin azaldılması üzrə də ayrıca qrup yaradılıb.

Qəribabadi bildirib ki, tərəflər yüksəksəviyyəli danışıqların növbəti mərhələsinə hazırlığı başa çatdırıblar. Danışıqlarda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və onun qətərli həmkarı şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani iştirak edəcəklər.
Oxşar xəbərlər