ABŞ ilə İran arasında elektron formada imzalanan memorandumun bəndləri təxminən məlumdur. Hərçənd onu son və qəti variant adlanmdırmaq da doğru olmaz. Çünki iyunun 19-da Cenevrədə yekun sənədin canlı imzalanma mərasimi nəzərdə tutulur.
Anlaşma yəqin ki, Güney Qafqaza da təsirsiz ötüşməyəcək. Çünki Tramp komandası regionumuza yönəlik aktiv siyasət izləməyə davam edir. Söhbət hər şeydən öncə TRIPP layihəsindən və ya Tramp marşrutundan (Zəngəzur dəhlizindən) gedir.
14 bəndlik memorandumun ilkin variantının 4-cü bəndində isə bu öhdəlik yer alır: “ABŞ-ın İranı əhatə edən ərazilərdən qüvvələrini çıxarmaq öhdəliyi”.
Bu öhdəliyin dəhlizin uğurla reallaşmasına yaxından-uzaqdan hansısa neqativ təsiri ola bilərmi? Bütövlükdə bu sənəd nə dərəcədə ABŞ-nin Cənubi Qafqazda əl-qolunu bağlaya bilər?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, ABŞ və İran arasında əldə olunan anlaşma ilk növbədə atəşkəs razılaşması kimi qiymətləndirilsə daha doğru olar, çünki orada faktiki olaraq bir çox ümumi müddəalar yer alır və əsas məsələlər hələ də həllini tapmayıb:
“Əlbəttə, bu sənəd hər bir halda pozitiv sənəddir və bölgədə gərginliyin azalmasına xidmət edir. O cümlədən dünya iqtisadiyyatına, xüsusilə enerji bazarına müsbət təsiri olacaq sənəd kimi dəyərləndirilməlidir.
O ki, qaldı bu razılaşmanın müddəalarının Cənubi Qafqaz təsirləri məsələsinə, Azərbaycan özünün nə cənubunda, nə də şimalında müharibələrin olmasında maraqlı deyil. Bizim üçün vacib olan bölgədə sülh və sabitlikdir. Bu da böyük layihələrin, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi, Orta Dəhlizin inkişaf etdirilməsi üçün vacibdir.
İranla anlaşma sənədinin ABŞ-nin bölgədən çəkilməsi və əl-qolunu bağlaya biləcəyi barədə iddialara gəlincə, o sənədin Cənubi Qafqazda ABŞ-nin mövqelərinə aidiyyatı yoxdur. Söhbət ABŞ-nin körfəz ölkələrində, Yaxın Şərqdə yerləşdirdiyi hərbi qüvvələrdən gedir. İranla ABŞ arasında razılaşma əldə olunması Tramp marşrutu layihəsinin də gerçəkləşməsi üçün fürsətlər açır”.