Ermənistandakı 7 iyun seçkiləri ərəfəsində təxribatlar törədilər bilər – “5-ci kolon” fəallaşıb

15:30 21.05.2026 2
"Siyasi ritorikada populizm və ksenofobiya adətən, daxili rəqibləri zəiflətmək və elektoratı qorxu hissi ilə konsolidə etmək üçün istifadə olunan ən ilkin alətlərdir. Samvel Karapetyanın və digər revanşist fiqurların “300 min azərbaycanlı gəlir, seçilsəm qarşısını alacam” tipli bəyanatları klassik siyasi manipulyasiya və sosioloji qorxu mühəndisliyidir".

Siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a, Ermənistandakı seçkiqabağı artan ritorikanı, həm hakimiyyət əleyhinə, həm də Azərbaycana qarşı revanşist çıxışları şərh edərkən bildirdi. Ekspertin sözlərinə görə, bu ritorika Qərbi Azərbaycana qayıdış konsepsiyasının və tarixi ədalətin bərpa olunması prosesinin Ermənistanın radikal müxalif elitalarında yaratdığı dərin strateji panikanın təzahürüdür: “Beynəlxalq hüquq müstəvisində qaçqınların öz doğma yurdlarına qayıtmaq hüququ fundamental insan hüququ kimi tanınsa da, Ermənistanın revanşist cinahı bu humanitar və hüquqi prosesi “demoqrafik işğal” kimi qələmə verməyə çalışır. Karapetyan və onun timsalında köhnə elita rasionallıqdan uzaq, kütlələrin etnik duyğularını istismar edən və regional reallıqları rədd edən “mühasirəyə alınmış qala” sindromunu süni şəkildə qidalandırır.

Bu, Ermənistan cəmiyyətini inkişafa və sülhə deyil, permanent blokadaya və özünü məhvə sürükləyən fəlakətli bir yanaşmadır”.

Paşinyanın digər düşmənlərindən, hakimiyyətə qarşı açıq savaş elan etmiş sələflərinə gəldikdə, T.İsmayılov bildirdi ki, Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi Qarabağ klanı, eləcə də digər kənar güclərin təsir dairəsində olan müxalifət qrupları Ermənistanı intihar ssenarisinə doğru itələyir:

"Siyasi elmdə bu növ davranışlar “irrasional revanşizm” adlanır. Tamamilə darmadağın edilmiş bir hərbi doktrinanın, çökmüş iqtisadiyyatın və iflasa uğramış ideologiyanın fonunda yenidən “müharibə havası”na girmək tam bir siyasi korluqdur. Köçəryan klanının və kilsə ətrafında birləşən revanşist qüvvələrin hərəkətləndirdiyi proseslərin yeganə məqsədi Ermənistanı yenidən xarici forpost vəziyyətinə qaytarmaqdır. Müəyyən kənar dairələrin dəstəklədiyi bu qüvvələrin apardığı “açıq savaş” birbaşa olaraq regional sülh arxitekturasına qarşı yönəlib”.

Ekspert seçkilər ərəfəsində Azərbaycana qarşı təxribatlara əl atılmasını da istisna etmir: "Bu qüvvələr yaxşı anlayırlar ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası onların siyasi mövcudluğunun sonu deməkdir. Buna görə də, daxili gərginliyi pik həddə çatdırmaq, kütlələri manipulyasiya etmək və xaos mühiti yaratmaq üçün hər cür təxribata hazırdırlar. Ermənistanda kritik tarixlər, xüsusilə 7 iyun və ətrafındakı prosesi idarə edən siyasi təqvim yaxınlaşdıqca, radikal müxalifətin təxribat xarakterli addımlara əl atma ehtimalı diqqətlə izlənilməlidir. Ermənistan ordusunda və təhlükəsizlik aparatında xarici kəşfiyyat şəbəkələrinə və revanşist klanlara bağlı olan “5-ci kolon”un mövcudluğu vəziyyəti hər an qəsdən gərginləşdirmək məqsədi güdə bilər. Radikallar daxildə kütləvi iğtişaşlar və siyasi bəyanatlarla istədikləri nəticəni ala bilməyəcəklərini anladıqları an, diqqəti şərti sərhədə yönəltməyə cəhd edə bilərlər. Buradakı gizli strateji məqsəd regional sabitliyi pozmaq, yaranacaq hər hansı lokal insident üzərindən daxili auditoriyada siyasi spekulyasiyalar aparmaq, diqqəti daxili idarəetmə böhranından tamamilə yayındırmaq və öz hakimiyyət iddialarını reallaşdırmaqdır. Lakin Ermənistan daxilindəki revanşist qüvvələr və onların xaricdəki havadarları anlamalıdırlar ki, regionda real güc balansı tamamilə və geri dönməz şəkildə Azərbaycanın xeyrinə möhkəmlənib.

Azərbaycan bu gün Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi arxitekturasını tənzimləyən müstəqil, güclü və strateji baxımdan sarsılmaz bir dövlətdir. Regional və qlobal müstəvidə atılan hər bir addım rəsmi Bakının milli maraqların qorunmasında necə kompromissiz və qətiyyətli bir xətt yürütdüyünü aşkar nümayiş etdirir. Ölkəmiz xarici təzyiqlərə, böyük güclərin maraq toqquşmalarına və geosiyasi manipulyasiyalara karşı tamamilə dayanıqlı, sabit bütöv bir daxili inkişaf modelinə malikdir. Müstəqil xarici siyasət kursu, iqtisadi suverenlik və qüdrətli ordu amili Azərbaycanı regional sabitliyin əsas qarantına çevirib. Tarixi ədaləti öz gücü hesabına bərpa edən, beynəlxalq hüququn aliliyini həm meydanda, həm də diplomatik masada təsdiqləyən Azərbaycan dövləti hər hansı bir xarici gücün deyil, yalnız və yalnız öz xalqının iradəsinə əsaslanır. Bu sarsılmaz birlik və milli həmrəylik mühiti qarşıdakı bütün dövrlərdə dövlətimizin suverenliyini və təhlükəsizliyini hər cür siyasi risklərdən sığortalayan ən böyük zəmanətdir”.

Siyasi şərhçi bildirdi ki, Ermənistan müxalifətinin daxildəki uğursuzluqlarını ört-basdır etmək, diqqəti yayındırmaq və ya ordunun daxilindəki radikal elementlərin vasitəsilə regional proseslərə mane olmaq cəhdləri rəsmi Bakının strateji iradəsi qarşısında tamamilə iflasa məhkumdur: “Siyasi realizm tələb edir ki, İrəvandakı radikal qruplar daxili qorxulardan, ksenofobiyadan və xarici güclərin əlində alət olmaqdan imtina etsinlər, çünki Azərbaycanın qətiyyətli mövqeyi qarşısında hər bir avantürist cəhd Ermənistanın bir dövlət kimi iflasını daha da sürətləndirəcək”.
Oxşar xəbərlər