"Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri

11:09 4.03.2026 1
"Axır ki, istədiyinə çatdı. Uzun illərdir atası və sistem ilə mübarizə aparan Müctəba Xamenei taxta oturdu. Əli Xameneinin yerinə onun ikinci oğlu Müctəba Xamenei seçildi. SEPAH və Bəsic Qum məktəbinə qalib gəldi".

Bunu tarixçi alim Zaur Əliyev bildirib.

Professor qeyd edib ki, Müctəba xalq arasında sevilmir:

"Onun kifayət qədər pula hərisliyi olması İranda beyin mərkəzləri tərəfindən də təsdiq edilir. Onun varis olmasını gizli saxlayırdılar, atası onu öz yerində görmək istəyirdi, lakin xalq arasında oğlunun nüfuzunun olmaması ona bu istəyi gizlincə həyata keçirməyə şərait yaratdı. İranda ali rəhbər olmaq üçün böyük müctəhid olmaq lazımdır. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamenei atasının sayəsində müctəhidlikdən tez bir vaxtda höccətül-islam pilləsinə qaldırılıb.

O, Zəhra Həddad-Adildən olan yeganə övladının dünyaya gəlməsi üçün Britaniyada özəl xəstəxananı 50 milyon funt sterlinq verib almış idi və bu xəbər nəinki yüksək ruhanilərin, hətta atasının da ciddi narazılığına səbəb olmuş idi. Bu hadisədən bir müddət sonra isə Böyük Britaniya hökuməti onun təxminən 1,6 milyard dollar dəyərində bank hesabını dondurdu

2011- ci ildə atasına qarşı sui-qəsd planlaşmasında onun da hallanmış və hətta bir müddət həbs də edilmiş idi. Hakimiyyət hərisi olan Müctəbaya qarşı ölkədə belə şüar var idi: "Müctəba, öləsən, rəhbərliyi görməyəsən!”

Bütün etirazlara baxmayaraq, SEPAH və Bəsic başda olmaqla İranın aparacı silahlı qüvvələri məhz Müctəba Xameneinin əmrindədir. Eyni zamanda İranda dərman biznesi onun nəzarəti altındadır. Müctəbanın İran hakimiyyəti ilə “Hizbullah” arasında “körpü” olduğu da bildirilir ki, ölkədən kənar əksər İran meyilli təşkilatlar da onun pulu ilə hərəkət edirlər. O, özünü "İslamın və İranın sərhədlərini qoruyan qətiyyətli lider" kimi göstərməklə ordunun və radikal islamçılar yanında hörmət qazanıb.

Müctəba Xameneinin ətrafı və onun təsirində olan güclər Azərbaycanın dünyəvi dövlət modelini və artan regional gücünü öz nüfuzlarına təhdid kimi görürlər. Buna görə də 44 günlük müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi məsələsində İranın Ermənistanla olan sərhədin təhlükədə olacağı barədə onun nəzarətində olan mediada tez-tez yazılar verirlər və Azərbaycanın bir suveren dövlət olmasını tarixi "səhv" kimi təqdim etməyə çalışırlar.

Onlar Gülüstan və Türkmənçay müqavilələrini gündəmə gətirirlər və onların xidmətində olan ekspertlər iddia edirlər ki, bu torpaqlar "əslində İrana məxsusdur". Bu gün Azərbaycandan qaçıb İrana sığınan və ölkəmiz barədə böhtanlar yazan, danışan və uydurma Kərimə dövləti ideyasını ortaya atanlar məhz onun maliyyəsi və himayəsi altındadır".
Oxşar xəbərlər