"The Telegraph" nəşrinin icmalçısı Devid Bler ABŞ prezidenti Donald Trampın Ukraynadakı sülh prosesinə yanaşmasını kəskin tənqid edib.
müəllifin fikrincə, Trampın məsuliyyətsiz vasitəçilik cəhdləri gələcəkdə Rusiyanın yeni və daha genişmiqyaslı işğalına yol açacaq qüsurlu bir sövdələşmə ilə nəticələnə bilər.
Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin döyüş meydanında ələ keçirə bilmədiyi əraziləri masa arxasında tələb edir. Söhbət təkcə torpaq sahəsindən deyil, həm də "düşmən əlinə verilməsi" təklif edilən təxminən 200 min insanın taleyindən gedir. Xüsusilə Donetsk vilayətinin Kramatorsk və Slavyansk rayonları ətrafında Ukraynanın ən güclü müdafiə xətlərinin qurulduğu vurğulanır. Əgər bu strateji mövqelər sadəcə güzəştə gedilərsə, Rusiya ordusu üçün digər bölgələrə yol açılacaq ki, bu da Putinin əsl məqsədi olan bütün Ukraynanı ələ keçirmək planını yenidən gündəmə gətirəcək.
Bler vurğulayır ki, mövcud dalan vəziyyətindən çıxmağın yeganə yolu Putini bu absurd ərazi iddialarından imtina etməyə məcbur etməkdir. Lakin hazırkı mənzərə bunun əksini göstərir: təzyiq Rusiyaya deyil, Ukrayna prezidentinə yönəlib. Müəllif iddia edir ki, Donald Tramp və onun yaxın çevrəsi (məsələn, Stiv Uitkoff) nəticələrdən asılı olmayaraq, sadəcə "sülh yaradan" vasitəçi şöhrətini qazanmaq eşqinə düşüblər.
Yekunda qeyd olunur ki, Ukrayna zəif təhlükəsizlik zəmanətləri qarşılığında ərazilərindən imtina edərsə, Putin bu "fasilə"dən güc toplamaq üçün istifadə edəcək. Bu isə yaxın gələcəkdə daha qanlı və dağıdıcı yeni bir müharibənin qaçılmaz olması deməkdir.