
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir. Qeyd olunub ki, övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər. Bu səbəbdən də təhsil müəssisələrinin yaxınlığında olan yollarda, eləcə də həmin yollara bitişik digər küçə və prospektlərdə süni nəqliyyat sıxlıq yaranır. Belə hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yollarda əlavə vaxt itirməsinə gətirib çıxarır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə və tələbələrə müraciət edərək, xüsusilə təhsil müəssisələrinin ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır: “Onlardan xahiş olunur ki, nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyatın dayanacaq məntəqələrində və digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamasınlar. Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, eləcə də müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə olunur”. Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol polisi əməkdaşları ilə birgə paytaxtda yerləşən təhsil müəssisələrinin qarşısı və digər küçə və prospektlərdə yollar nəzarətdə saxlanılacaq. Süni nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar müşahidə edildikdə, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, nəqliyyat axınının fasiləsizliyini təmin etmək məqsədilə müxtəlif istiqamətlər üzrə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək.
***
09:51
Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.
Bildirilib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarət gücləndirilir.
Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.
Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.