Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması təkcə iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı deyil, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, təhlükəsizlik əməkdaşlığının və strateji inteqrasiyanın güclənməsinin mühüm göstəricisidir. Son illər beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər, regional təhlükəsizlik çağırışları və yeni geosiyasi reallıqlar fonunda türkdilli dövlətlərin qarşılıqlı dəstək və əməkdaşlıq mexanizmlərini genişləndirməsi xüsusi aktuallıq kəsb edir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri mühüm siyasi hadisə kimi diqqət çəkir. Çolpon-Ata şəhərinin Issık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının rəsmi qarşılanma mərasimi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova tərəfindən qarşılanıb. Dövlət səfərinin ilk günü həm də Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan liderlərinin iştirakı ilə Çolpon-Atada yeni Qolf Klubunun açılışı ilə yadda qalıb.
Səfərin əsas siyasi hissəsi isə iyulun 31-də baş tutub. Həmin gün Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının III iclası keçirilib, dövlət başçıları arasında təkbətək görüş olub və ikitərəfli münasibətlərin perspektivləri geniş müzakirə edilib. Danışıqların yekunu olaraq "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyib. Bu sənəd iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıraraq siyasi əlaqələrin ən yüksək formasını təsbit edib.
Müttəfiqlik münasibətləri beynəlxalq praktikada dövlətlər arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ən yüksək göstəricilərindən hesab olunur. Belə müqavilələr adətən təhlükəsizlik, müdafiə, xarici siyasətdə koordinasiya, iqtisadi əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək kimi mühüm istiqamətləri əhatə edir. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında imzalanmış yeni sənəd hər iki ölkənin uzunmüddətli strateji maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir.
Səfər çərçivəsində baş tutan qarşılıqlı təltif mərasimi də xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatlarından biri olan "Manas" ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi sayılan "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması iki ölkə rəhbərləri arasında qarşılıqlı etimadın və dostluğun rəmzi ifadəsinə çevrilib. Bu hadisə yalnız diplomatik nəzakət nümunəsi deyil, həm də Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji mahiyyət daşıdığının rəsmi təsdiqidir.
Əslində son illər Bakı ilə Bişkek arasında əməkdaşlığın inkişafı dinamik xarakter alıb. İqtisadi, nəqliyyat-logistika, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələr genişlənib. Azərbaycan tərəfindən Qırğızıstanda həyata keçirilən bir sıra sosial layihələr, xüsusilə Qarabağ zəfərindən sonra Türk dünyası ölkələri ilə əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində atılan addımlar münasibətlərin möhkəmlənməsinə əlavə stimul verib. Ağdam şəhərində Qırğızıstanın dəstəyi ilə tikilən və istifadəyə verilən Manas adına məktəb də Türk həmrəyliyinin real nəticələrindən biri kimi qiymətləndirilir.
Onu da qeyd etmək istərdim ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində güc balansının dəyişdiyi, regional münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir şəraitdə ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik dövlətlərin strateji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması məhz bu baxımdan yalnız iki ölkənin maraqlarına xidmət etmir, bütövlükdə Türk dünyasında siyasi birliyin və institusional əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.
Beləliklə, Çolpon-Atada imzalanan müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni səhifə açmaqla yanaşı, Türk dünyasının inteqrasiya prosesində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu sənəd dostluqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan isə müttəfiqliyə uzanan yolun məntiqi nəticəsi olmaqla, Türk dövlətlərinin gələcək əməkdaşlıq modelinin də mühüm nümunələrindən birinə çevrilir.