Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.
Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik.
Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq.