Azərbaycan dövləti çoxvektorlu xarici siyasət kursunda Avropa Komissiyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Eyni zamanda, bu qurumun da Azərbaycanla əməkdaşlığa marağı getdikcə artır.
Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır.
Məlumat üçün bildirək ki, 2025-ci ildə Azərbaycan ilə Aİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü illə müqayisədə 177,4 milyon ABŞ dolları və ya 0,9 faiz çoxdur. Həmin ildə Azərbaycanın Aİ ölkələrinə ixracı 0,8 faiz artaraq 16,9 milyard ABŞ dolları, Aİ ölkələrindən idxalı isə 1,6 faiz artaraq 2,826 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 67,66 faiz, idxalında isə 11,59 faiz olub.