Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. İki dövlət arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər tərəfdaşlığımızın inkişafını şərtləndirir.
22 iyun 2026-cı il tarixdə Prezident cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovla birgə mətbuata bəyanatla çıxış ediblər. Prezident cənab İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan tərəfinə və Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscid tikintisinə başlanılması qardaş Türkmənistanın Azərbaycana səmimi münasibətinin bariz nümunəsidir. Prezident cənab İlham Əliyev, həmçinin, aparılan səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək, verilmiş tapşırıqların Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər işlənib hazırlanacağına və yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.
Möhtərəm Prezidentimiz qeyd edib ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər. Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.
Prezident cənab İlham Əliyev Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunmasına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, ortaq tarix, mədəniyyət və müasir əməkdaşlıq əlaqələri ölkəmizin bu məkanın ayrılmaz hissəsi kimi qəbul edilməsinə əsas yaradır.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ilə Türkmənistan arasında siyasi etimad və qarşılıqlı fəaliyyət nəqliyyat-logistika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin əsas amilidir. Bildirilib ki, tərəflər mövcud yükdaşımalarının artırılması, yeni tranzit imkanlarının yaradılması və üçüncü ölkələrdən yük axınının cəlb edilməsi istiqamətində fəaliyyətin daha da əlaqələndirilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, nəqliyyat-logistika sahəsi gələcəkdə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olacaqdır.
Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycan Türkmənistanın beynəlxalq arenada qazandığı uğurları yüksək qiymətləndirir və qardaş ölkənin nailiyyətlərinə sevinir. Dövlət başçısı qeyd edib ki, zəngin enerji ehtiyatlarına malik olan hər iki ölkə bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Sonda Türkmənistanın sosial-iqtisadi inkişafı, müasir infrastrukturun qurulması və turizm sahəsində əldə etdiyi uğurları xüsusi vurğulayaraq, bunların ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirən cənab İlham Əliyev Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun artmasını və neytrallıq siyasətini daim dəstəklədiyini qeyd edib.