Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur

12:49 19.06.2026 1
"Büdcə hesabatından görürük ki, hüquqi şəxslərin əmlak vergisində 36,9 milyon, dövlət rüsumlarında isə 57,8 milyon manat az icra qeydə alınıb. Təbii ki, hesabatda bunun səbəbləri izah edilir. Lakin biz bu rəqəmləri müzakirə edərkən, real iqtisadiyyatımızda mövcud olan nəhəng bir "ölü kapital" problemini həll etməklə bu gəlirləri dəfələrlə artıra bilərik".

Bunu deputat Kamal Cəfərov Milli Məclisin iyunun 19-da keçirilən iclasında deyib.

Sənədsiz evlər məsələsinə toxunan deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox belə ev var:

"Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahat lazımdır.

Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərinə tam çıxışı olmur. Evinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edəndə vərəsəlik hüququ avtomatik tanınmır. Övladına qanuni yolla keçirə bilmir. Boşanma zamanı mənzilə hüquqi iddia irəli sürə bilmir. Sənədsiz evlər bu gün dəyərindən 20-30 faiz ucuz satılır, banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni, vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir.

Başa düşürəm ki, bu çox mürəkkəb məsələdir, məsuliyyəti ağırdır. Riskli tərəfləri çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, Türkiyə təcrübəsi mövcuddur.

Türkiyədə İmar Barış proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3%-i miqdarda ilkin rüsum ödəməklə çıxarış aldı. Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilə bilər. Bu iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardla manat həcmində əlavə və davamlı dəyər qata bilər.

Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün şəhərsalma və memarlıq ilində amnistiya elan edilsin. Bununla bağlı xüsusi proqram qəbul edilsin. Bu məsələ mərhələli formada həll olunsun".
Oxşar xəbərlər