Gələcək münasibətlərin məzmunu

14:50 16.06.2026 2
2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi hər iki dövlət üçün mühüm və əlamətdar tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutur.Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Bunun isə iki ölkə əlaqələrinin intensivləşməsinə töhfə verəcəyi ehtimalı böyükdür. İşğaldan azad edilən ərazilərdə Türkiyə-Rusiya Müştərək Mərkəzinin fəaliyyətinə töhfə verəcək Bəyannamədə, tərəflərin regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli üçün birgə səy göstərəcəyi, hər hansı dövlətin müstəqilliyinə və ya ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid və ya hücum zamanı tərəflərin bir-birinə lazımi yardım edəcəyi vurğulanır. Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən qəbulu Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran kənar oyunçulardan gedir. Digər tərəfdən, bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Oxşar xəbərlər