2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında gələcək münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik qardaş dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq. Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə edib: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.