
Azərbaycanın son illərdə sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunun artmasına, regionun əsas siyasi aktoruna çevrilməsinə səbəb olmaqdadır. Bu dayanıqlı və möhkəm güc arxitekturası, eyni zamanda dövlətimizin yürütdüyü güclü siyasi iradənin və geridönməz qətiyyətin nümunəsidir. Respublikamızın regionda güc mərkəzinə çevrilməsini şərtləndirən başlıca amillərdən biri iqtisadi müstəqilliyin möhkəmlənməsi, ölkəmizin strateji maliyyə qüdrətinin artmasıdır. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur; Ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq.